WordPress

Wordpress nədir?

WordPress, heç bir proqramlaşdırma dilini bilmədən çox sadə bir şəkildə peşəkar saytlar qura biləcəyiniz bir məzmun idarəetmə sistemidir. 2003-cü ildə b2/cafelog layihəsi kimi ilk vaxtlarda yalnız şəxsi bloq yaratmağı nəzərdə tutulmuşdursa, günümüzdə xəbər və müxtəlif informasiya portalları, korportativ saytlar, forum, e-ticarət və istənilən mövzulu veb saytlar yaratmaq mümkündür.

WordPress PHP və MySQL-ə əsaslanan onlayn, açıq mənbəli məzmun idarəetmə sistemidir (CMS). Bloq platforması kimi başlayan WordPress, bütün vebsaytların 40%-dən çoxunu təmin edən və 60% payla CMS bazarında hökmranlıq edərək, qlobal miqyasda ən populyar CMS-ə çevrildi. Daha ətraflı, rəqəmlərlə yeni başlayanlar üçün daim yenilədiyim Statiskalarla WordPress 2024 adlı yazımı oxuya bilərsiz.

Bu WordPress dərsliyində yeni başlayanlar üçün lazım olan hər şeyi tapacaqsınız. Quraşdırmadan tutmuş, texniki təhlükəsizliyinə kimi WordPress-in nə olduğunu və ondan necə istifadə edəcəyinizi öyrənmək üçün sizlərə rəhbərlik edəcək.

WordPress ilə hansı saytlar qurula bilər?

İlk vaxtlar daha çox bloq yaratmaq üçün nəzərdə tutulurdusa, zamanla texnologiyanın inkişafı ilə paralel olaraq əsas kodundakı köklü dəyişikliklər, Elementor, Yoast SEO, Rank Math kimi şirkətlərin yaratdığı həllərlə sistemin funksionallığını daha da artıran qoşmaların sayəsində artıq şəxsi bloq, portfolio, korporativ saytlar, ödəniş sistemli onlayn mağaza və s. saytlar yarada bilərsiniz.

WordPress saytlarını necə quraşdırmaq olar?

İlk addım veb hostinqi seçməkdir. Minlərlə hostinqlər mövcuddur, lakin siz ilk öncə aşağıdakı WordPress sistem tələblərinə cavab verən birini axtarmalısınız:

  • PHP versiyası 7.4 və ya daha yuxarı olan;
  • MySQL versiyası 8.0 və ya daha yüksək və ya MariaDB versiyası 10.4 və ya daha yuxarı olan;
  • HTTPS dəstəyi pulsuz olan;
  • Faylları günlük nüsxələyən və təhlükəsizliyi yüksək olan;

Bu gün əksər veb hostlar bunların hamısını dəstəkləyir. Lakin, etibarlılıq və davamlılıq baxımından məsləhətli hostinq şirkətlərindan istifadə etməyiniz məsləhətdir.

Hər bir sayt kimi WordPress saytlarını 2 yolla quraşdırmaq mümkündür:

  1. Localhost-da
  2. Hostinq və ya serverdə

Localhostda yəni, kompüterinizin yaddaşında WordPress-i necə quraşdırılmasına dair tam detallı WordPress nece qurulur? yazımdan oxuya bilərsiz.

Hər şirkətin xidməti, admin paneli və keyfiyyəti fərqli olduğu üçün video-dakı kimi eynilik olmaya bilər. Lakin, məntiq olaraq eynidir. Növbəti yazılarda WordPress hostinq xidmətləri ilə bağlı yazılar yayımlayacam.

Niyə WordPress-dən istifadə etməlisiniz?

WordPress ilə sayt yaratdığınız zaman saytın tam nəzarəti sizdə olur. Youtube, Google kimi platformalarda demək olar 99% suallarına cavab tapa biləcək qədər məzmunlar var. Dünyanın hər bir yerində peşəkar WordPress mütəxəssisləri var və yarana biləcək problemləri sürətli şəkildə həll edə bilərsiz. WordPress ilə siz saytınızın və məzmununuzun tam sahibisiniz və saytınızı başqa hosting şirkətinə köçürməkdə sərbəstsiniz. WordPress hətta kodlaşdırma biliyi olmayan istifadəçilər tərəfindən heç bir problem olmadan istifadə edilə bilər. Texniki bilik tələb etmədən asanlıqla və tez veb saytlar yaratmağa imkan verir və onun populyarlığı əsasən istifadənin asanlığı ilə bağlıdır.

Minlərlə tema – Bunlar veb saytınızın görünüşünü dəyişdirən dizaynlardır. 6000-dən çox pulsuz WordPress mövzusu ilə saytınıza istədiyiniz görünüşü verə bilərsiniz. Temalar saytın əsasını təşkil edir, sayt sahiblərinə yalnız rəng dəyişikliyi, loqo əlavə etmək kimi yük olmayacaq dizayn işləri qalır. Həmçinin, bəzi mövzuların öz fərdiləşdirmə modulları və ya sürüklə və burax redaktoru var.

Plaqinlər (qoşmalar) – Onlar veb saytınıza funksionallıq əlavə edən köməkçilərdir. Pluginlər sayəsində saytınızı onlayn satış saytına çevirə və ya saytınıza sosial şəbəkə, forum, əlaqə forması əlavə edə bilərsiniz. WordPress panelindən 60.000-dən çox pulsuz WordPress plaqinini axtara və ya WordPress plaqin kitabxanasından sizə uyğunları istifadə edə bilərsiniz. Plaqinlərdən istifadə edərək SEO, ehtiyat nüsxələri, sürət, təhlükəsizlik, pozulmuş bağlantılar və spam kimi saytınızla bağlı bir çox şeyi idarə edə bilərsiniz. Təbii ki, premium temalar və plaqinlər də mövcuddur və onlar daha çox funksional xüsusiyyətlərə malikdirlər, yaxşı kodlaşdırılırlar, tez-tez yenilənirlər və dəstəklənmə üstünlüyünə malikdirlər.

Quraşdırma asanlığı – WordPress ilə öz veb saytınızı və ya blogunuzu yaratmaq üçün bir neçə klikdən çox vaxt tələb olunmur. Turhost.com-dan hosting paketi aldıqdan sonra müştəri panelindən istifadə edərək WordPress-i çox qısa müddətdə quraşdıra bilərsiniz.

SEO dəstəyi – WordPress sizə bütün səhifələr və yazılarınız üçün başlıq teqləri və meta təsvirləri yaratmağa imkan verir. Bunlar axtarış motorlarına məzmununuz haqqında məlumat verən SEO alətləridir. Bundan əlavə, WordPress pozulmuş bağlantıları yoxlamaq kimi məqsədlərə xidmət edən çox uğurlu pulsuz SEO plaginlərinə malikdir. Hər səhifədə SEO işinizi optimallaşdırmağınız üçün nəhəng yoxlama siyahısı adlandıra biləcəyimiz Yoast SEO və Rank Math Pro onlardan ən populyarlarıdır.

WordPress mövzularının quraşdırılması

WordPress mövzuları (themes) saytınızın görünüşünə və müəyyən funksiyalarına təsir göstərir. Bəziləri istənilən veb-saytda istifadə oluna bilsə də, digərləri, məsələn, e-ticarət və ya portfolyo veb-saytları üçün uyğun şablonlarıdır.

WordPress mövzusunu quraşdırmaq üçün sol admin paneldən Görünüş (Appearance) bölməsinə daxil olun, Yeni mövzu (Add New Theme) əlavə et düyməsini klikləyin və ən yaxşı pulsuz WordPress mövzularını axtarın və yükləyin. Məsləhətli, pulsuz WordPress temaları haqqında bloq yazımı oxuya bilərsiz.

WordPress tema kitabxanası

WordPress-in tema kitabxanasında yüzminlərlə temalar olsa da, ehtiyaclara görə bu temalardan istifadə edənlər çoxdur. Tövsiyə etdiyim pulsuz temaları yuxarıdakı linkdən oxuya bilərsiz. Bütün korporativ veb-sayt lahiyələrini 0-dan 100% Elementorla dizayn etdiyim üçün Elementorun pulsuz Hello Elementor temasından istifadə edirəm.

WordPress qoşmalarının (plugin) quraşdırılması

WordPress plaginləri heç bir kodlaşdırmadan WordPress saytına yeni funksiyalar əlavə etməyə imkan verir. Müxtəlif məqsədlər üçün qurulmuş minlərlə pulsuz və pullu plaginlər var – sosial media paylaşımından saytın təhlükəsizliyinə qədər.

WordPress plaginini quraşdırmaq üçün Plugins → Add New Plugin bölməsinə keçin və axtarış funksiyasına onun adını daxil edin. Install Now edərək və Active klikləyib, qoşmanı aktivləşdirin.

WordPress qoşma kitabxanası

Qeyd edim ki, rəsmi WordPress qoşma kitabxanasında quraşdırıla bilməyən premium, lisenziyalı WordPress qoşmaları var. O qoşmaları yalnız WordPress-ə manual olaraq (əl ilə) yükləməlisiniz.

Lisenziyalı qoşmanı quraşdırmaq üçün Upload Plugin butonuna klikləyin. Yükləmək və quraşdırmaq üçün qoşma arxiv faylı seçin. Tamamlandıqdan sonra qoşmanı aktivləşdirin.

Ancaq unutmayın ki, çox sayda qoşma quraşdırmağı tövsiyə etmirəm. Yalnız ehtiyacınız olduğu qoşmaları yükləyib istifadə edin.

ismayıl

7+ illik WordPress developer, SEO üzrə mütəxəssis
Back to top button